Kompensasiya verilmədən işdən çıxarılma, maaşların gecikdirilməsi və ya eyni əməkhaqqına görə daha çox çalışmaq şəraitində karyera qurmaq elə də asan məsələ deyil. Biz arzuladıqları işi axtarıb tapa bilən bir neçə adamının əhvalatını sizdən ötrü bir yerə toplamışıq. İndi həmin əhvalatları sizə təqdim edirik.
Fəaliyyət növünü dəyişdirmək lazımdır
Anna Krasovskaya, 30 yaşında. Mühasib işləyib, sonra personalın inkişafı üzrə şöbədə mütəxəssis kimi çalışmağa başlayıb.
“2007-ci ildən Moskvada yaşamağa başladım, rəqəmsal peyk televiziya kanalları ilə məşğul olan şirkətdə mühasib işləyirdim. Hamiləliyimin 17-ci həftəsində işdən çıxmalı oldum: iş yerində mənə elə bir şərait yaratmışdılar ki, artıq orada qala bilməzdim. Bütün şöbə - uşağı olmayan tənha qadınlardan ibarət idi, mən ana olmaq qərarına gələn andan hamı mənə qarşı birləşdi. İxtisasartırma imtahanı verdiyimə baxmayaraq, ardıcıl olaraq mənim üçün iki imtahan təşkil etdilər. Həkimə getməyə icazə vermirdilər, xəstəlik vərəqəsinə görə ödəniş də etmirdilər. Nəhayət, həmkarım çayıma tonusu yüksəldən nəsə qatmışdı. Bacım kimya laboratoriyasında işləyirdi, o, çayıma karkade tozu qatıldığını aşkar etdi. Bu məndən ötrü son damla oldu və dekabr ayında işdən çıxdım. Bütün tanışlarım deyirdi ki, hamilə qadını işdən çıxarmaq hüquqları yoxdur. Mən bunu bilirdim, amma, öz sağlamlığımı risk alatına qoya bilməzdim.
İşdən çıxdıqdan sonra özümü necə təmin edəcəyimlə bağlı düşünməli oldum. Hər yerdə iş axtarmağa başladım. Sosial şəbəkələrdən birində vakansiya ilə bağlı elana rast gəldim və artıq 15 gün sonra yeni işimə çıxdım. Köhnə iş yerimdən çıxdıqdan sonra personalın inkişafı üzrə kurslara yazılmışdım, o səbəbdən yeni şirkətdə məhz, bu ixtisas üzrə işə qəbul olunmağım çətinlik törətmədi. Hazırda interyer dizaynı sahəsində çalışıram. Yeni iş yerimdə rəhbərlikdə təmsil olunan şəxslər çox xeyirxah adamlardır. Hazırda demək olar ki, əksər şirkətlərdə gənc yaşlarında olan qadınları işə götürməkdən çəkinirlər, bizimkilər isə hamiləliyimin 20-ci həftəsində olmağıma baxmayaraq, məni işə qəbul etdilər və hər şey rəsmi müqavilə əsasında həyata keçirildi. Aprel ayında rəsmi olaraq məzuniyyətə çıxacam. Doğuşdan sonra da işləmək fikrindəyəm. Rəhbərlik məndən ötrü həftədə dördgünlük iş qrafiki tərtib edəcək.
İş yerini itirənlərə məsləhətim – bunu heç vaxt faciə kimi qarşılamayın, panikaya düşüb, dərhal ilk rastınıza çıxan hansısa işə düzəlməyin. Öz vərdişlərinizi, təcrübə və biliklərinizi yadınıza salın. Unutmayın təkcə bizi seçmirlər, iş yerimizi və gələcəyimizi biz özümüz seçirik”.
Baxışların sayı: 13031